Bakıda həbs edilən kamerunlu futbolçular - Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetan Azərbaycandan deportasiya edilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu haqda həvəskarlar çempionatında mübarizə aparan "Sabunçu" futbol klubunun məşqçisi Elçin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hər üç qardaş artıq Azərbaycanı tərk edib:
"Komandamızın üzvü olan Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetan getməmişdən əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında mənə telefonla zəng etdilər. Onlar Azərbaycandan ölkələrinə deportasiya olunduqlarını bildirdilər. Lakin həmin şəxlər mənə dedilər ki, onlarla birlikdə tutulan Alphonse Touani hələ də təqsirləndirilən şəxs qismində saxlanılır".
Mayın 18-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı Fərzad Əbdül Əhməd Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək tanımadığı şəxslərin onun etimadını qazanaraq 50 000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 100.000 ABŞ dolları edəcəkləri adı altında aldararaq dələduzluq yolu ilə həmin məbləği ələ keçirdiklərini bildirib. Keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun vətəndaşları - Alphonse Touani, Patrick Arnaud, Ziepop Maxime Valery və Armel Gaetandan ibarət dəstə zərərsizləşdirilib.
Saxlanılan şəxslər ifadələri zamanı ölkəmizdə keçiriləcək beynəlxalq miqyaslı "Formula 1" idman yarışları ərəfəsində Bakı şəhərinə çoxlu turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla onları aldatmaq və pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildiriblər. Onların üzərlərinə və yaşadıqları mənzilə baxış zamanı maddi sübutlar aşkar olunaraq götürülüb.
Xatırladaq ki, saxlanılan P.Arnaud, Z.Valery və A.Gaetan həvəskarlar çempionatında mübarizə aparan "Sabunçu" futbol klubunun üzvü olublar.