"Kəmaləddin Heydərov heç zaman şəxsiyyətinə sığışdırmaz ki, hansısa formada yaxın münasibətdə olan adama "sən get filan mövqeni sərgilə" desin".
 
Unikal.org xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev modern.az saytına verdiyi müsahibədə bu fikirləri səsləndirib.
 
 
 
O qeyd edib ki, bəzən məqsədyönlü şəkildə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla əlaqələri həddindən artıq şişirdilir:
 
"Mənim qardaşım Culfada onun atası ilə birlikdə işləyib. Ailələrimiz bir-birini tanıyır. Bəzən məqsədyönlü şəkildə bizim əlaqələr həddindən artıq şişirdilir. Onun öz mövqeyi, mənim öz mövqeyim var. Yeri gələndə, hökuməti tənqid edirəm, yeri gələndə dəstəkləyirəm. Doğru-düzgün bildiyim addımları atıram. Münasibətlərin olması bizim siyasi fəaliyyətimizə hər hansı formada təsir etmir.  Dəfələrlə bəyan etmişəm ki, Kəmaləddin Heydərovla şəxsi əlaqələrim var. O, bizim qonşu kənddəndir. Prezidentin ən sadiq tərəfdarlarından biridir. Mənim başqa nazirlərlə də münasibətlərim var".

Millət vəkili partiyasının Kəmaləddin Heydərov tərəfindən kurasiyə olunması ilə bağlı fikirlərə də münasibət bildirib.
 
Q.Həsənquliyev bunları cəfəngiyat adlandırıb: "Kəmaləddin Heydərov heç zaman şəxsiyyətinə sığışdırmaz ki, hansısa formada yaxın münasibətdə olan adama "sən get filan mövqeni sərgilə" desin. Kəmaləddin Heydərov belə bir davranışı özünə yaraşdırmaz. İkincisi, mən onunla təmasda olduğum müddətdə bir dəfə də olsun belə bir şey sezməmişəm. O kimdənsə, nəsə ummur, belə bir istəyi yoxdur. Kəmaləddin Heydərov bizimlə qonşu kənddəndir".