"Dəniz kuboku-2018 beynəlxalq müsabiqəsində iştirak etmək üçün ölkəmizdə olan İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Cövşən, "Peykan raket katerləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk və "Mahaçkala kiçik artilleriya gəmiləri, eləcə də "SB-45 xilasetmə yedək gəmisi və Qazaxıstan Respublikası Hərbi Dəniz Qüvvələrinin "Manqistau raket-artilleriya gəmisi avqustun 12-də Bakı limanını tərk edib.

Unikal.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2018 yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində, ümumilikdə, 28 müsabiqə təşkil olunub.

Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak ediblər. Hərbçilərimiz "Dəniz kuboku ilə yanaşı, Rusiyada "Tank biatlonu və "Səhra mətbəxi, Qazaxıstanda "Artilleriya atəşinin ustaları və Belarusda "Snayper həddi müsabiqələrinə qatılıblar.

Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ Silahlı Qüvvələrinin nümayəndələri "Dəniz kuboku-2018 müsabiqəsinə müşahidəçi qismində qatılıblar.