Ermənistan silahlı qüvvələrinin 1-ci ordu korpusunun bölmələri Qarabağda aprelin əvvəllərində gedən hərbi əməliyyatların xüsusiyyətlərini və epizodlarını məşq etmək üçün strateji təlimlərə cəlb olunub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Müdafiə Nazirliyi bildirir ki, təlimlərə cəlb edilmiş bölmələr döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlər altında "qarşıya qoyulmuş vəzifələri" yerinə yetiriblər.
"Təlimlər zamanı aprel müharibəsinin strateji baxımdan bir sıra mühüm epizodları, xüsusən də bölmələr arasında qarşılıqlı əlaqə, atəş zərbələri işlənilib və öyrənilib" - məlumatda deyilir.
Təlimlərin gedişini müdafiə naziri Seyran Ohanyan izləyib.
Xatırladaq ki, mayın 21-də Ohanyan Qarabağa gəlib və işğalçı hərbi qüvvələrin inspeksiyasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin 1-ci korpusu Azərbaycanla sərhəddə, Laçın-Qubadlı istiqamətində dislokasiya olunub.
Korpusun qərargahı Gorus şəhərində yerləşir. Korpusun tərkibində bir əlahiddə ehtiyat batalyonu, bir əlahiddə kəşfiyyat batalyonu və iki motoatıcı polk var.