Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şefi Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra dəhşətli faktlar üzə çıxdı.
Bəlli oldu ki, MTN rəhbərliyindəki yüksək vəzifəli şəxslər, çiyinlərində general rütbəsi daşıyan kadrlar ölkə miqyasında total təzyiq mexanizmlərinə, işgəncə, hədə-qorxu metodlarına rəhbərlik ediblər.
Ölkə mətbuatı o vaxtdan mütəmadi olaraq MTN-nin iş adamlarına qarşı həyata keçirdiyi xüsusi metodlu hücumları barədə sensasion məlumatlar yazır.
Amma bu qədər ifşaedici materiallardan sonra Eldar Mahmudov heç harda gözə dəymədi, onun tezliklə həbs olunacağını gözləyənlər isə xəyal qırıqlığına uğradılar. Görəsən sabiq MTN şefi indi hardadır?
Turkustan.info xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına Eldar Mahmudovun harada olması ilə bağlı versiya səsləndirib.
Onun sözlərinə görə, keçmiş nazir hazırda ev dustaqlığındadır.
"Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə, özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq".
Deputat bildirib ki, Eldar Mahmudovla bağlı atılacaq addımlar dövlət rəhbərliyinin bəlli qərarları ilə bağlıdır.
"Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanması üçün belə bir yol seçilib. Hər bir halda bu, Eldar Mahmudovun toxunulmazlığından, gücünün olmasından irəli gəlmir.
Dövlətin qarşısında heç kəs dayana bilməz. O, zamanında özünü toxunulmaz kastanın üzvü kimi aparırdı. Yüksək ədanı, başqalarına yuxarıdan aşağı baxmaq hissini nümayiş etdirirdi. Amma bir an içərisində cənab prezidentin siyasi kursunun yolundan götürüldüyünün şahidi olduq".
Zahid Oruc qeyd edib ki, Eldar Mahmudov vaxtilə layiq olmadığı komplimentləri eşitməkdə idi. Bununla yanaşı, müxtəlif çirkli kapital dövriyyələrinə nəzarət edirdi.
- See more at: http://turkustan.info/news/6147#sthash.mb3m4xJI.dpuf