Hindistanın baş naziri Narendra Modi hakimiyyətdə olduğu 2 il ərzində ilk dəfə İrana işgüzar səfərə gəlib.
Unikal.org "RİA Novosti" agentliyinə istinadən verir ki, səfər proqramının əsas hissəsi bazar ertəsi başlayacaq.
N. Modi İranın ali dini lideri Əli Xamneyi ilə görüşəcək, İran prezidenti Həsən Ruhani ilə danışıqlar aparacaq. Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, N. Modi və H. Ruhani arasında danışıqlarda əsas mövzular ikitərəfli münasibətlər və regiondakı situasiya olacaq.
Sabah İranla Hindistan arasında ikitərəfli müqavilə, o cümlədən İranın Çabahar limanından istifadəni nəzərdə tutan İran, Hindistan və Əfqanıstan arasında tranzit koridoru ilə bağlı üçtərəfli müqavilə də imzalanacaq. Limanla bərabər Çabahar-Zahedan-Zərənc marşrutundan istifadə Əfqanıstana Hindistana birbaşa dəniz vasitəsi ilə çıxış, Hindistana isə Orta Asiyaya çıxış imkanı verir. İran mətbuatı müqavilə ilə bağlı sabah Əfqanıstan prezidenti Əşrəf Qəninin Tehrana gələcəyi barədə məlumat yayıb.
İran və Hindistan arasında imzalanacaq ikitərəfli müqavilələrə gəlincə, bu müqavilələrdən biri Hindistanın "Indian Ports Global Private" və İranın "Arya Banadar" şirkətləri arasında Çabahar dəniz limanının yenidən qurulmasının birinci fazası ilə əlaqədardır. Eyni zamanda Hindistanın EXİM Bankının İrana kredit xəttinin açılması barədə müqavilə imzalanması nəzərdə tutulub. Hindistan Çabahar limanında iki terminal və 5 multimodal körpünün qurulması üçün 200 milyon dollar kredit ayıracaq.
N. Modinin işgüzar səfər zamanı rəsmi Tehranla müzakirə edəcəyi əsas məsələlərdən biri isə neft ixracına görə Hindistanın İrana 6,5 milyard dollar borcu ilə əlaqədardır. İranın neft ixracında Hindistan aldığı neftin həcminə görə ikinci yerdə qərarlaşıb. Lakin son 3 il ərzində İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində Hindistan aldığı neftə görə ödəniş edə bilməyib. Hindistan mətbuatı 6,5 milyard dollar borcun 750 milyon dollarının bu həftə İrana ödəniləcəyini yazıb.