Dağlıq Qarabağ münaqişəsini Azərbaycan dinc yolla həll etməyə tərəfdardır. Bir şərtlə ki, Ermənistan münaqişə ilə bağlı ATƏT-in və BMT-nin qərarlarını, qətnamələrini olduğu kimi, qeyd-şərtsiz yerinə yetirsin, işğal etdiyi əraziləri azad edərək geri çəkilsin.

Yalnız ərazilər azad olunandan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdiriləcəyi referendumun keçirilməsi ilə bağlı müzakirələr başlana bilər. Həmin referendum isə, sadəcə, qarabağlı ermənilər arasında yox, Dağlıq Qarabağın bütün sakinləri arasında keçirilməlidir. Bu isə Dağlıq Qarabağdakı müharibə nəticəsində doğma yurdlarından didərgin düşmüş azərbayanlı məcburi köçkünlərin də səsverməyə qatılmasını ehtiva edir.

Münaqişə zonasında aprelin 1-dən başlayan və 5-də başa çatan "dördgünlük müharibə"dən sonra situasiya köklü şəkildə dəyişib. Dəyişikliklər birmənalı olaraq Ermənistanın xeyrinə olmadığından rəsmi İrəvan məğlubiyyətini etiraf etməklə yanaşı, düşdüyü ağır vəziyyətdən çıxış yolları arayır.

Ermənistan prezidenti Serj Sarkisyan Vyanadakı danışıqlardan sonra bəyanatlar və açıqlamalar verərək danışıqlar prosesinin formatında yeniliklər olacağını söyləyib. Həmin yenilikləri nəzərdə tutanda Sarkisyanın nədən bəhs etdiyi bəlli deyil.
Ən yaxşı halda ATƏT-in Minsk qrupunun müşahidə missiyasının heyəti artırıla bilər.

Rəsmi İrəvan bunu az qala "genişmiqyaslı dəyişikliklərə səbəb olaraq Ermənistanın və qarabağlı ermənilərin mövqelərini möhkəməndirəcək hadisə" kimi qələmə verməyə çalışsa da, faktiki olaraq, ortada heç bir yenilik yoxdur.
ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşik hələ ötən ilin ortalarında Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində müşahidə missiyasının heyətinin artırılmasını təklif etmişdi.

i

Rəsmi Bakı da bu təkliflə razılaşmışdı, çünki ermənilərin sürəkli təxribatları, cəbhə xəttində snayper atışları, habelə Azərbaycan ordusunun mövqelərinə hücuma keçmək cəhdləri və s. kimi hadisələrin qarşısını qismən də olsa, almaq üçün bu mexanizm müəyyən mənada effektiv ola bilərdi.

Azərbaycan danışıqlara meyllidir və problemi sülh yolu ilə həll etmək niyyətini dəfələrlə bəyan edib.
İyunun sonlarında Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüş olmalıdır. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prinsipləri müzakirə olunacaq.

Son günlər İrəvanda baş verənlərsə onu göstərir ki, Ermənistan yenə də əvvəlki "tələb"lərini təkrarlayır, "münaqişə Azərbaycanla Dağlıq Qarabağ arasında nizamlanmalıdır" deyir. Yəni ermənilər Dağlıq Qarabağ münaqişəsi zonasında sərhədlərin Azərbaycanla Dağlıq Qarabağ arasında bəlirlənməsini istəyirlər.
Bu isə Dağlıq Qarabağdakı separatçı rejimin tanınması, qarabağlı ermənilərin kvazi-inzibati vahidlərinin "dövlət" qismində qəbul olunması, terrorçuların əməllərinin hamısının unudulması deməkdir ki, təbii, Azərbaycan heç vaxt belə sarsaq istəkləri qəbul edən deyil.

Bundan başqa, danışıqların normal gedişatı üçün Ermənistan ilkin mərhələdə qoşunlarını işğalda saxladığı 7 rayondan 5-dən dərhal çıxarmalıdır. Ermənilərin Ermənistanla Dağlıq Qarabağ arasında nəqliyyat dəhlizi qismində istifadə etdikləri Laçın və Kəlbəcər rayonları ilə bağlı isə danışıqlar aparılmalı, bu rayonlar da işğaldan azad olunmalıdır.
Bakının şərtlərpi belədir. 

Ermənistan inad edir, amma məğlubiyyətini boynuna almaqla. "Dördgünlük müharibə"də 2 min hektardan artıq ərazidən geri çəkilmiş ermənilər bunu qismən boyunlarına alırlar: Ermənistan prezidenti Serj Sarkisyanın Vyana görüşündən qayıdarkən təyyarədə erməni jurnalistlərin suallarını cavablayanda "800 hektar ərazi itirmişik: o ərazilər nə strateji, nə taktiki baxımdan əhəmiyyət kəsb etmirdi" deməklə erməniləri sakitləşdirməyə çalışmışdı.

Alınmadı.
Ermənilər haqlı olaraq soruşurlar: əgər o ərazilər, gerçəkdən də, "taktiki və strateji baxımdan əhəmiyyətsiz" idisə, nə üçün Ermənistan döyüşlərdə 320 hərbçi itirdi, erməni ordusunun mövqeləri darmadağın olundu, üstəlik, geri çəkiləndən sonra erməni ordusu Azərbaycan kəndlərini aramsız artilleriya atəşinə tutaraq "qisas" almaq istədi?!

Ölkədə narazılığın və qəzəbin pik həddinə çatdığını görərək hakimiyyətinin laxlamasına imkan vermək istəməyən Serj Sarkisyan yeni şərt irəli sürüb: "dördgünlük müharibə"dən sonrakı yeni cəbhə xətti boyunca müşahidə-monitorinq avadanlığının quraşdırılmasını və bu minvalla təhlükəsizliyin təminatına nail olmaq istəyir. Bütün bunlarla yanaşı o, Azərbaycanı "aqressiya"da suçlayır.

Rəsmi Bakı üçün bu şərtlər artıq anaxronizmdir, çünki Vyana görüşünün nəticələrinə görə, cəbhə xəttində monitorinq avadanlıqlarının yerləşdirilməsinə, habelə ATƏT-in müşahidə missiyasının mandatının artırılmasına Azərbaycan razılığını verib.


Ermənistan çox ağır vəziyyətdədir: Azərbaycan ATƏT-in bütün şərtlərini, Minsk qrupundakı həmsədr ölkələrin tövsiyələrini və istəklərini yerinə yetirib, növbə ermənilərindir.

Ermənilər üçün ən pisi də odur ki, Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi prinsiplərin istisnasız olaraq hamısı işğalda olan Azərbaycan rayonlarının azad edilməsini nəzərdə tutur.

Ermənistan "dördgünlük müharibə"də geri çəkildiyini etiraf edib.
Lakin bu geriləmə davam edir və ermənilər işğal etdikləri torpaqları tərk edincəyədək davam edəcək.
Serj Sarkisyanı indi qorxudan, pərişan edən də budur.

Milli.Az