Xəbər verdiyimiz kimi, Bakının Bülbülə qəsəbəsində zibil qutusundan balta ilə kəsilmiş və nərd zəri tatuirovkası döyülmüş kişi əli tapılıb. Deyilənə görə, beş nöqtəni əks etdirən zər tatuirovkasını bir qayda olaraq təkadamlıq kamerada cəza çəkən məhkumlar döydürürlər.
Unikal.org xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsindən sputnik.az-a bildirilib ki, əl sahibinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. Mərhumun əvvəllər Rusiyada, Gürcüstanda və MDB məkanında mühakimə edilib-edilməməsi də sual altındadır.
Hüquq müdafiəçisi Eldar Zeynalov deyir ki, təkadamlıq kamerada cinayət aləminin "başçıları" - avtoritetlər otururlar. Hansı ki, onları digər cinayətkarlardan belə təcrid edirlər.
Meyitin bütün əzaları aşkar olunmadığından əməliyyat-istintaq qrupu hələlik bununla bağlı nəsə deməyə çətinlik çəkir.
Fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Yeri gəlmişkən qeyd edək ki, ötən il sentyabrın 5-də Hövsan qəsəbəsindəki kollektordan odlu silahla qətlə yetirilən, hissələrə bölünmüş kişi meyitinin qalıqları aşkarlanmışdı. Mərhumun saçları, qaşları qırxılmış, kiprikləri yandırılmışdı.
İstintaqın gəldiyi nəticəyə görə, qatil bunu qurbanının aşkarlanmaması üçün edib. Bu üzdən də itkin düşmüş şəxslərin siyahısındakı məlumat bazasındakı yoxlamalar heç bir nəticə verməyib.