Azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atmış Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə oyunundan sonra verdiyi açıqlama ilə diqqət çəkib. Unikal.org xəbər verir ki, o sosial şəbəkədəki hesabından ard-arda yarışlara çıxmasından gileylənib: 

"Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək, az oynayıb, özümdə güc saxlayım.

Hazırda FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeyster sponsorunun olmamasında şikayətlənib. O, qazanc məqsədi ilə çoxlu sayda oyun keçirmək məcburiyyətində qaldığını yazıb: 

"Əlbəttə, bu qədər ard-arda oynamaq biabırçılıqdır. Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım "pul deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə, məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm - bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər sadəcə, mənasız olacaq.