Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs olunanlar - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
Unikal.org-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Mərkəzin direktoru Telman Məmmədhəsənova ifadə vermək təklif edilib. Lakin o, indiki mərhələ ifadə vermək istəmədiyi deyib. Prosesdə zərərçəkmiş şəxs qismində Ruhiyyə Əliyeva ifadə verib. O, qeyd edib ki, həyat yoldaşı fevralın 26-da Narkoloji Dispanserdə müalicəyə gedib: "Üstündən 4-5 gün keçmişdi, bu hadisə baş verdi. Yanğın zamanı tüstüdən boğulmuşdu. Bir müddət xəstəxanada yatdı, lakin vəziyyəti düzəlmədi, bir müddət sonra dünyasını dəyişdi
Zərərçəkmiş Şərəf Eyvazov isə qeyd edib ki, qardaşı hadisə zamanı ölüb: "Narkoloji Dispanserdə baş verən yanğını internetdən bildim. Sonradan "icra"dan zəng vurub morqa gəlməyimizi bildirdilər.
Məhkəmə prosesi sentyabrın 11-də davam edəcək.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib. M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub. Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.