Mayın 24-də Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Azərbaycan jurnalistikasının inkişaf xüsusiyyətləri milli tarix və təcrübə kontekstində" mövzusunda elmi-praktik konfrans keçirilib.
Mətbuat Şurasından unikal.org-a bildirilib ki, BDU-da təşkil olunmuş konfrans "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının icrasından irəli gələn vəzifələri yerinə yetirmək məqsədi daşıyıb.
Konfransda çıxış edən BDU-nun jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, professor Şamil Vəliyev bildirib ki, dövlətimizin başçısının Sərəncamı dahi mütəfəkkir C.Hacıbəylinin irsinə ehtiram əlaməti olmaqla yanaşı, çağdaş jurnalistika sahəsində prioritet məsələləri üzə çıxarmaq, aparılan elmi-tədqiqat işlərini müasir elmin tələblərinə uyğun yönəltmək, əldə olunan elmi nəticələri müzakirə etmək baxımından son dərəcə əhəmiyyətli sənəddir.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov C.Hacıbəyli şəxsiyyətinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan bəhs edib. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan mətbuatı üzərindən cəmi 43 il keçdikdən sonra mütəhərrik qüvvə kimi müstəqillik ideyalarının carçısına çevrildi. Bu prosesdə ziyalılar, görkəmli fikir adamları böyük tarixi missiya yerinə yetirdilər. "Belə nəhəng fikir adamlarından biri də Ceyhun Hacıbəyli idi. Onun jurnalistlik fəaliyyəti bizim üçün daha önəmlidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin Sərəncamı, eyni zamanda, Azərbaycan mətbuatına, onun keçdiyi şərəfli yola böyük ehtiramın növbəti nümunəsidir", - deyə Ə.Amaşov vurğulayıb.
Milli Məclisin deputatı Aqil Abbas, BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Milli Arxiv İdarəsinin ədəbiyyat və incəsənət arxivinin şöbə müdiri Aslan Kənan, jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva, mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu və başqaları C.Hacıbəylinin şəxsiyyətinin elmi-məfkurəvi cəhətlərinə, onun keçdiyi həyat yolundakı mübarizlik xüsusiyyətlərinə diqqət çəkiblər.
Tədbirdə tələbələrin C.Hacıbəyli haqqında hazırladığı qısa film nümayiş etdirilib.