İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportaj böyük rezonansa səbəb olub.
Bloger reportajda Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edib.
Ali Əthab iddia edir ki, ərəblər Bakıda gecə klublarında tanış olduqları qadınlarla cinsi əlaqədən sonra QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə tutulur. Blogerin iddiasına görə, Bakıda 8 min ərəb bu dəhşətli xəstəliyə yoluxub.
Məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Modern.az-a açıqlamasında səsləndirilən rəqəmin absurd olduğunu bildirib:
"Ümumiyyətlə, Azərvbaycanda heç o qədər QİÇS-lə yoluxan xəstə yoxdur. Bu, sensasiya xatirinə səsləndirimiş qeyri-real rəqəmdir. Bu, həmin blogerin məsuliyyətsizliyindən irəli gəlir. Bilirsiniz, birdən-birə 8 min insanın QİÇS-ə yoluxması fikrini səsləndirmək əslində dezinformasiyadan başqa heç nə deyil. Bunlar Azərbaycanı sevməyən insanların səsləndirdiyi fikirlərdir.
E.Alməmmədova fikrini əsaslandırmaq üçün rəsmi rəqəmləri də açıqlayıb:
"2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadınlar, 4204 nəfəri (70 %) kişilərdir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir.