Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri nəticəsində narkotik maddələrin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi, dövriyyəsi və satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvləri ifşa edilib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat nəticəsində şəhər ərazisində narkotik vasitə satmaq istəyən Cəlilabad rayon sakinləri Şahlar Qasımov və Əhməd Əhmədov polislər tərəfindən saxlanılıb.
Onların üzərlərinə və Ə.Əhmədovun idarə etdiyi "VAZ 2106 markalı avtomobilə baxış keçirilən zaman 1 kiloqram 5 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni iyulun 27-də dəstənin digər üzvləri Yaşar Qasımov və Süleyman Məhərrəmovla birlikdə Yardımlı rayonu Aruz kəndi ərazisində İran vətəndaşı Rza adlı şəxsdən satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Sumqayıt ŞPİ əməkdaşları tərəfindən dəstənin adıçəkilən üzvləri, o cümlədən İran vətəndaşı Cavadi Rza Əlirza oğlu da saxlanılaraq istintaqa təqdim ediliblər.
İstintaqın gedişi zamanı müəyyən edilib ki, saxlanılan Azərbaycan vətəndaşları qabaqcadan əlbir olan bir qrup şəxs halında Rza Cavadidən ümumi çəkisi 3 kiloqram 590 qram heroin və 932 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə ediblər. Saxlanılan şəxslərin Cəlilabad rayonunda gizlətdikləri narkotik vasitələrin qalan hissəsi də aşkar olunaraq götürülüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda, cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.