Mağazadan oğurluq edib qaçan şəxsi elə həmin marketin işçiləri tutaraq döyüblər.

Unikal.org xəzərxəbər-ə istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, General Şıxliniski küçəsi 2 saylı ünvanda yerləşən marketdə baş verib.

Dmitri Timurbulatov sözügedən marketdən 20 manat dəyərində yağ oğurlayarkən həmin mağazanın işçiləri tərəfindən saxlanılıb. Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər. Həmin anı isə ərazidə yaşayanlardan biri mobil telefonla çəkərək sosial şəbəkələrdə yayıb.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov polis tərəfindən saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib Dimitri Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.