Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əli Dadaşov ifadə verib. O bildirib ki, Bakıdan-Lənkərana etap olunan dustaqlardan olub: "Burdakıların heç birini tanımıran. Həmin günü etap olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb".
Şahid qeyd edib ki, onu istintaq təcridxanasında müstəntiq dindirib: "Orda nə yazılıb bilmirəm, xəbərim yoxdu. Adları çəkilənlər arasında bir Tahir Məlikovu tanımışam. O da mənimlə bir yerdə olub. Bir uşağım var, onun canına and olsun ki, mən heç nə eşitməmişəm, görməmişəm".
Şahidin istintaqa verdiyi ifadə elan edilib. "Qoca" ilə Tahir Məlikov mənimlə bir neçə dəfə etap olunub. Həmin vaxtı onlar qatarda sərbəst hərək edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə "Qoca" həmin pullu yerlərdə gedib-gəlirdilər".
Şahid istintaqda belə bir ifadə vermədiyini deyib: "Qara dustağam. Yeri gələndə ədliyyə işçiləriin də əleyhinə danışıram. Amma mən bilmədiyimi, görmədiyimi yalandan danışa bilmərəm".
Vəkillər şahidi dindirən müstəntiqin əlavə şahid kimi dindirilməsi ilə bağlı vəsatət verib. Hakim qeyd edib ki, əsas şahidlərin dindirilməsindən sonra bu məsələyə baxılacaq.
Daha sonra prosesdə şahid qismində Cəlil Əliyev dindirilib. Şahid istintaqa ifadə vermədiyi yalnız sənədlərə qol çəkdiyini deyib: "Dustağam, dedilər qol çək mən də çəkdim. Hadisə olan vaxtı etap olunan dustaqlardan biri olmuşam. Heç nə görməmişəm. "Qoca"nı dustaq kimi tanımışam. Bir neçə dəfə onla birgə etap edilmişik".
Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Cəlil Əliyev istintaq ifadəsində bildirib ki, "Qoca" vaqonda rahat gəzirdi: "O çox sərbəst idi. Ədliyyə işçiləri ilə çox mehriban idi. Bu mənə çox təəccüblü gəlirdi. "Qoca" dəhlizdə o yana-bu yana rahat gəzirdi, kameralara baxırdı. Orda "Qoca"ya göy rəngli çanta verdilər".
Şahid bu sözlərin heç birinin ona aid olmadığını deyib.
Prosesdə vəkil Eynulla Vəliyev bu gün dindirilən hər iki şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb edib. Vəsatət baxılmamış saxlanılıb.
Proses sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb. Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.