Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Unikal.org xəbər verir ki, qonağı ölkəmizə fövqəladə və səlahiyyətli səfir təyin edilməsi münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu və bu münasibətlərin hazırda da uğurla davam etdiyini vurğulayıb.
Dövlət Komitəsinin sədri daha sonra qonağı ölkəmizdəki dövlət-din münasibətləri, tolerantlıq mühiti və Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlandırıb. Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, dövlət tərəfindən Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini, onların ibadəti üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın dini tolerantlığı ilə seçildiyini vurğulayan DQİDK sədri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycanda onlarla yeni dini ibadətgahın tikildiyini və ya əsaslı təmir olunduğunu söyləyən Mübariz Qurbanlı ölkə ərazisində 2250 məscidin mövcud olduğunu qeyd edib. Əlavə edib ki, 2-si gürcü pravoslav xristian dini icması olmaqla 31 qeyri-islam təmayüllü dini icma fəaliyyət göstərir. Bildirib ki, dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə yardımı ayrılan icmalar içərisində gürcü pravoslav dini icmaları da yer alır.
Gürcüstanla tarixən yaxın dostluq əlaqələrinə malik olan və dünyada tolerantlıq modeli kimi tanınan Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən Zurab Pataradze ölkələrimiz arasında bütün sahələrdə, eləcə də din sahəsində mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün dərin səy göstərəcəyini bildirib.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşün sonunda Mübariz Qurbanlı səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzulayıb, Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və erməni vandalizmindən bəhs edən kitablar verib.