Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Qeyd edək ki, əvvəlki gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 79 dəfə pozub.