Bakının Binə qəsəbəsi ərazisində qatarın sərnişin avtobusu ilə toqquşmasında qatar maşinistinin heç bir günahı olmayıb.
Bu barədə Unikal.org-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub: "Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Hazırda hadisə yerində araşdırmalar aparılır".
Xatırladaq ki, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə qatar toqquşub. Hadisə nəticəsində 1 nəfə azyaşlı dünyasını dəyişib, 22 nəfər xəsarət alıb.