Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu ("Şamaxinka) adlanan ərazidə yeni asma piyada keçidinin inşasına start verilib.

Bu barədə Unikal.org-a AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, yerüstü piyada keçidi 3 giriş-çıxışlı olmaqla ümumi uzunluğu 134 metr təşkil edəcək:

"Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq.

Bundan əlavə sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq.

A.Nəcəfli deyib ki, asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək:

"Tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.