Bakı şəhərində fəaliyyət göstərən taksi sürücüləri xüsusi yoxlamalardan keçəndən sonra işləyə biləcəklər. Onlara "Fərqlənmə nişanı" yalnız xüsusi təlim keçdikdən sonra veriləcək. Lakin sürücülərin çoxu bilmir ki, təlim hansı strukturun tərkibində keçiriləcək.
Unikal.org xəbər verir ki, admiral.az-ın redaksiyasına ünvanlanan müraciətlərdə bildirilir ki, "Fərqlənmə nişanı" almaq üçün həm tədris-kurs kombinatında, həm də Sürücü Təlim Mərkəzində yoxlamadan keçmək lazımdır. Bu isə sürücülər üçün əlavə vaxt itkisidir.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın cavab olaraq bildirdi ki, Bakıda taksi fəaliyyətilə məşğul olan sürücülərin xidməti qənaətbəxş hesab edilmədiyindən qurum tərəfindən Vahid Nəqliyyat Konsepsiyasına uyğun olaraq xüsusi yoxlamalar təşkil olunacaq.
"Sürücülər Sürücü Təlim Mərkəzində təşkil olunacaq yoxlamalardan və təlimlərdən keçdikdən sonra ictimai nəqliyyatın idarə olunmasında səlahiyyət əldə edə biləcəklər. Bu islahatlar taksi xidməti göstərən fərdi sahibkarlara da şamil ediləcək. Əks təqdirdə "Fərqlənmə nişanı" ala bilməyəcəklər. Sözü gedən təlim və yoxlamalar Bakı şəhərinin inzibati ərazisi üzrə müstəsna olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək", - deyə Nuridə Allahyarova bildirib.
Agentlik rəsmisi bildirib ki, gələcəkdə sürücülər, avtobusların texniki vəziyyəti və digər məsələlərlə bağlı tələblər qoyulacaq. Bundan əlavə paytaxtda fəaliyyət göstərən bütün taksilərdə ödəniş kartla həyata keçiriləcək:
"Taksilərə kameralar quraşdırılacaq, kvotalar tətbiq olunacaq. Bundan sonra taksi sürücüləri yol boyu istədiyi rəqəmi səsləndirə bilməyəcəklər. Konsepsiyada bütün ictimai nəqliyyatda kontaktsız əlaqədən istifadə olunması nəzərdə tutulub. Hazırda istifadə olunan kartlar taksilərə də tətbiq olunacaq".
Qeyd edək ki, ölkə başçısının 21 Dekabr 2015-ci il tarixli müvafiq Fərmanı ilə Bakı şəhərinin inzibati ərazisində (3.0.15.-ci bənd) müvafiq sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı sürücülərinin peşə fəaliyyətinə və davranışına dair xüsusi proqram üzrə hazırlıq keçməsini təşkil etmək və həyata keçirmək və buna müvafiq şəkildə avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" vermək səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.