Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus sellofan torbada gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Lakin həmin şəxsin əl yükünün yoxlanması zamanı sellofan torbadakı müxtəlif ərzaq və şirniyyatın yanında, saç kremi qutusunun içərisində kremə qarışmış və gömrük nəzarətindən gizlədilmiş halda 2 ədəd büküm aşkarlanıb.
Həmin bükümlərdə isə xalis çəkisi 100,565 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 10,050 qram olan xırda kristal şəklində psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.