Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Chevrolet Aveo" markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.
Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri "Nizami" metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.
Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş "Esse Spesial Gold" yazılmış 400 qutu siqaret, üzərində "Captain black" yazılmış 269 qutu siqar, üzərində "Skandinavik 50g" yazılmış 10 qutu qəlyan tütünü, üzərində "Holland house" yazılmış 15 qutu qəlyan tütünü və üzərində "Milano-London" yazılmış 10 qutu siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.