Dünyada 260 mindən çox beynəlxalq miqrantın olması problemdir. Bu problemin həlli çoxtərəfli yanaşma tələb edir.
Unial.org-un məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov parlamentdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza adlı konfransda deyib.
O bildirib ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkanlar yaradır:
"Qanunsuz miqrant qaçaqmalçılığı" dediyim anlayış bu gün dünyada bir reallıqdır. Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə axınların olduğunu görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının almasına səy göstəririk.
DMX rəisi vurğulayıb ki, Azərbaycan bu sahə ilə bağlı bütün beynəlxalq sənədlərə və konvensiyalara qoşulub: "Bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması demək olar ki, tam yekunlaşıb. Bu gün bizim həm cinayət, həm də miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib. Eyni zamanda, ölkə başçısının verdiyi fərman və sərəncamlar imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. Bu gün ölkəmizdə iki əsas qurum bu prosesdə iştirak edir: Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti. Bundan əlavə, digər qurumların da bu işdə birgə iştirakı vacibdir.
V.Hüseynovun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkədə miqrasiya proseslərini tənzimləməkdir: "Biz ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçiririk. Xoş bir haldır ki, statistik rəqəmlərə baxsaq, ölkəmizdə bu rəqəmlərin miqyası geniş deyil. Ancaq bu elə bir məsələdir ki, burada hər hansı bir siqnal böyük təhlükə ilə bağlı xəbərdarlıq ola bilər.