"Mirkamili övladlarımdan seçməmişəm, onlardan artıq sevirəm. Məktəbi bitirəndən bəri bütün dayağı mən olmuşam. Hər şey xalqın gözünün qarşısında olub. Elə şeylər var ki, danışmaq olmur.
Unikal.org xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova "Qafqazinfoya açıqlamasında bacısı oğlu, müğənni Mirkamil Kamilovun instaqramdakı qəribə paylaşımlarına münasibət bildirərkən deyib. Məşhur xanəndə Mirkamilin "Xalq ulduzu yarışmasından sonra özünə qapandığını qeyd edib:
"Uşaqlıqdan Mirkamilin ürəyində azacıq problem var idi. Əvvəlcə, Bakıda Rəşad adlı həkimlə danışdıq, amma getmədi. Daha sonra İranla danışıqlar aparıldı və orada əməliyyat olundu. Nə dərəcədə doğru, düzgün edilməsi barədə məlumatsızam. Həmin dövrdə Amerikada idim, yanında Aybəniz xanım Haşımova olub. 4-5 il keçsə də, Mirkamil əməliyyatdan sonra çapalayır. Elə bil ki, həyatından bezib.
Yumoru olan bir gəncdir. Sosial şəbəkələrdə nəsə yazanda belə düşünürük ki, zarafat edir, şou göstərir. Elə şeylər var ki, onu yumora da çevirmək olmaz. Çünki xalq onu çox sevir. Sadəcə olaraq Mirkamil "Xalq ulduzundan sonra səhnədən qaçdı, çox sevgi, istək gördü və insanlardan uzaqlaşdı. Özünə qapandı, daha sonra ürəyi də belə oldu.
Xalq artisti onun Mirkamilə dəstək olmadığını iddia edənlərə də cavab verib: "Mən onu hər dəfə efirə çağırıram, amma gəlmir. Deyir ki, xala, ürəyim ağrıyır, dözə bilmirəm. Mən də məcbur razılaşırdım. Daha sonra efirə Ramalgillə (qardaşı oğlu, müğənni Ramal İsrafilov) çıxırdım. Hamı yazırdı ki, Mirkamili özünə yaxın buraxmadı. Hər şeyi danışmaq olmur. İnsanlara bir-bir yazım ki, səhhətində problem var.
M. Əyyubova deyir ki, ifaçı insanların gözündən düşmək üçün bilərəkdən belə edir: "4-5 ay olar ki, bizə gəldi. Ağlı başında, heç bir psixoloji problemi olmayan bir vəziyyətdə idi. Mənə dedi ki, xala, hərdən o qədər əsəb keçirirəm, istəyirəm ki, xalq məndən incisin, nifrət etsin və uzaqlaşsınlar. Bəlkə də, bu cəhətdən özünü belə aparır ki, insanlar ondan üz çevirsin. Bunu dəqiqliyi ilə mən açıqlaya bilməyəcəm. Bir onu bilirəm ki, Mirkamilin pis bir işi yoxdur. Onun problemi ürəyi ilə bağlıdır. Heç kimə qulaq asmır! Olmaz belə...
Mirkamil özü-özünə qara yaxır ki, insanlar onu sevməsin. O deyir ki, özümü elə aparıram ki, hamı düşünsün ki, dəli olub. Nə bilirəmsə, sizə onu deyirəm. Məni qınamasınlar, Mirkamil özü bizdən uzaqlaşır. Evimdə olanda ürəyinin üstünə yumruqlar vurdu, dedi ki, xala, dözə bilmirəm (ağlayır). Allah eləməsin, ona bir şey olsa, heç kim onun üçün ağlamasın deyə belə edir. Allaha and olsun, o, ürəyini məndən başqa heç kimə açmır. Nə deyəcəyimi bilmirəm.