İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin "Greenland şirkətinin prezidenti Can Yulianq ilə görüşüb.
Unikal.org xəbər verir ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, "Doing Business 2019 hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Görüşdə "Greenland şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.
Tərəflər "Greenlandlə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-supermarketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Greenland Zhongxuan Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin "Shanghai Jizhi Investment Management şirkəti arasında "Greenland Global Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, "Azersun Holdinq şirkəti və "Greenland Zhongxuan Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, "Şərq Ulduzu şirkəti və "Greenland Zhongxuan arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC sədri Rauf Vəliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı ASC İdarə Heyəti sədrinin müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti "Greenland şirkətinin "G-hub Ticarət Mərkəzində Azərbaycan pavilyonunun açılışında iştirak edib. Qeyd edək ki, "G-hub Ticarət Mərkəzində Azərbaycan istehsalı olan müxtəlif məhsulların - şərab və spirtli içkilərin, qida məhsullarının və s. "Made in Azerbaijan brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin "DİG marketlər şəbəkəsində də satışına başlanılıb.