Prezident İlham Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib.
Unikal.org-un məlumatına görə, müraciəti qurultayda iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.
Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayır və hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosial yönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.
Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır".
Dövlətimizin başçısı qeyd edib ki, islahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıdıb: "Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.
İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik".
Prezident vurğulayıb ki, hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində əldə edilən nailiyyətlər sahibkarlara biznes fəaliyyətini daha da genişləndirmələri üçün əlavə stimul yaradır: "Milli iqtisadiyyatın əsas sektorları üzrə qəbul olunmuş strateji “Yol Xəritə”sinin ölkəmizdə bir sıra sahələrin, o cümlədən sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayacağına inanıram.
Ümidvaram ki, qurultay zamanın çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun gələcək fəaliyyətinin səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir".