Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Unikal.org Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən A.Məmmədov özünü təqsirli bilsə də, digərləri özlərini günahsız hesab ediblər.
Daha sonra təqsirləndirilən şəxs R.Məmmədov sərbəst ifadə verib. O, ittihamı qəbul etməyib və təqsirsiz olduğunu bildirib.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Daha sonra həbs qəti imkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il martın 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.