"Almaniya "erməni soyqrımını" tanıya biləcək sonuncu ölkə olmalıydı. Çünki, Osmanlı Türkiyəsinin Birinci Dünya Müharibəsinə qoşulması məhz Almaniyanın təşəbbüsü ilə baş verdi. Nəticədə Osmanlı imperiyası dağıldı, Atatürk olmasaydı, böyük dövlətlər Türkiyəni də müxtəlif hissələrə parçalayacaqdılar.Yəni 100 il əvvəl Osmanlı Türkiyəsində baş verənlərə görə elə birbaşa Almaniya cavabdehdir".
 
 
 
Unikal.org bildirir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Almaniya güzgüyə baxmaq əvəzinə tərəfdaşı Türkiyəyə pislik etdi: "İkincisi, Fransadan fərqli olaraq Almaniyada güclü erməni lobbisi də yoxdur ki, deyəsən Berlin bu lobbinin təsiri ilə "qətnaməni" qəbul edib. Digər tərəfdən Almaniya parlamenti ölkədə yaşayan 3 milyon türkü görməzlikdən gəldi. Qərb ölkələri tarixçilərin müzakirə etməli olduğu iddianı parlamentlərinə daşıyırlar.
Bəs Almaniya "soyqırım" qətnaməsini indi niyə qəbul etdi? Axı bir tərəfdən Berlin miqrant məsələsinin həllində Türkiyəyə ehtiyac olduğunu deyir, digər tərəfdən ehtiyac olduğu dövlətə arxadan zərbə vurur. Türkiyənin regional siyasəti Avropa İttifaqını və Almaniyanın maraqlarına cavab vermədiyinə görə Ankaranı bu şəkildə cəzalandırırlar. Almaniyanın bu hərəkəti ATƏT-in hazırki sədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyinə də gölgə salacaq. Bu gün Ermənistanın və erməni lobbisinin şad günüdür. Berlin işğalçı Ermənistanı cəsarətləndirdi. Belə bir vəziyyətdə fikrimcə, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün sonra Berlinə planlaşdırdığı səfəri təxirə salmalıdır".