"Çıraqovlar Avropa Məhkəməsinə 2015-ci ildə müraciət etsə də, onların şikayəti üzrə kommunikasiyaya dərhal başlanmamışdı. Yalnız 1 ildən sonra ermənilər Azərbaycana qarşı şikayət verdikdə, Avropa Məhkəməsi hər iki şikayət üzrə eyni prosedura başladı. Avropa Məhkəməsi Azərbaycanın Avropa Məhkəməsində hansısa üstün mövqeyə malik olmasını istəmir".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
Onun sözlərinə görə, Kəlbəcər girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 2 ildir qanunsuz olaraq həbsdə saxlanılır: "Bununla bağlı Avropa Məhkəməsinə şikayət göndərilib. Avropa Məhkəməsindən tələb edilib ki, bu şikayətə baxılmasına prioritet verilsin, bu şəxslər ya azadlığa buraxılsın, ya da üçüncü dövlətdə məhkəmə prosesi keçirilsin.
Lakin Avropa Məhkəməsi şikayətə prioritet baxmaqdan imtina edib. Mən öz tərəfimdən Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi kimi Avropa Məhkəməsinin sədrinə məktubla müraciət etdim.
Məktubda bildirilib ki, Azərbaycana fərqli yanaşma yolverilməzdir, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı ərizəyə tez bir zamanda baxılmalıdır. Amma Avropa Məhkəməsi bu müraciətə tutarlı cavab verə bilmədi. Hələ də ərizələr üzrə prosedura başlanmayıb. Yəni Azərbaycana münasibətdə Avropa Məhkəməsində fərqli yanaşma var.
Tutaq ki, nümayiş zamanı, inzibati qaydada həbs edilən şəxs, yaxud QHT üzvü ilə bağlı müraciətlə əlaqədar Avropa Məhkəməsi dərhal kommunikasiyaya başlayır, Azərbaycana kommunikasiya göndərir, 1,5 ildən sonra Avropa Məhkəməsi qərar qəbul edir. Bu yanaşma göstərir ki, 1 milyon qaçqın və məcburi köçkünün vəziyyəti Avropa Şurası və Avropa Məhkəməsi üçün heç bir əhəmiyyət kəsb etmir". (AzVision.az)