Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurasının üzvləri universitetdə payız semestrinin imtahan sessiyasının gedişatını izləyiblər.
Unikal.org xəbər verir ki, İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, şura üzvləri – Sahib Məmmədov, Etibar Əliyev, İlham Şaban, Səadət Məmmədova, həmçinin media nümayəndələri imtahan keçirilən auditoriyalarda olub imtahan prosesini izləyib, müəllim və tələbələrlə tələbələrin hazırlığı, imtahan üçün yaradılmış şərait, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzinin iş prosesi və s. ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
İctimai Etimad Şurasının üzvlərinə 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında yanvarın 10-dək imtahanlarda 12430 tələbənin iştirak etməsi, həmçinin universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib. Qeyd edilib ki, yanvarın 10-da ADNSU-da 39 qrup yazılı, 60 qrup isə yazılı- şifahi imtahan verib.
Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı payız semestrinin imtahan sessiyasının təşkili və bu günədək olan nəticələr barədə şura üzvlərinə məlumat verib. Universitetdə bu il də şifahi imtahanlara geniş yer ayırıldığını deyən rektor M.Babanlı imtahan prosesinə nəzarəti daha yüksək səviyyədə təmin etmək üçün elektron şəbəkənin tam qurulduğunu, qeyri-ixtisas fənləri üzrə imtahanların testlə keçirildiyini və 90% imtahanların isə yazılı-şifahi formada aparıldığını qeyd edib.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı fikirlərini bölüşən şura üzvləri universitetdə tələbələrin şəffaf biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün yaradılan şəraiti, imtahana nəzarət prosesini və universitetdə aparılan genişmiqyaslı islahatlar fonunda yeni 24/7 kitabxana təşəübbüsünü yüksək qiymətləndiriblər.
Qeyd edək ki, ADNSU-da payız semestrinin imtahan sessiyasında imtahanlar 2 növbədə və 3 formada (yazılı, yazılı-şifahi və test) keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr 24 saat ərzində elektron universitetdə (Unibook) yerləşdirilir. İmtahan sessiyası qiyabi şöbədə dekabrın 20-dən, əyani şöbədə isə yanvarın 3-dən başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) fevralın 3-dən 14-nə kimi 25% ödənişlə təkrara imtahan verə bilər.