Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Ümumdünya Ticarət Təşkilatının “Ticarətin Asanlaşdırılması Sazişi”nin gömrüklə bağlı müddəalarının tətbiqinə dair” subregional seminar başlayıb.

Unikal.org xəbər verir ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (MARİƏ) çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətlərinin, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Ümumdünya Gömrük Təşkilatı, MARİƏ, BMT və Ümumdünya Ticarət Təşkilatının nümayəndələri iştirak edir.
Seminarın açılışında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dünyada baş verən iqtisadi proseslərin, ticarət zəncirindəki dəyişiklikərin fonunda ticarətin asanlaşdırılması ilə bağlı sazişin gömrük müddəalarından irəli gələn məsələlərin müzakirəsinin böyük önəm daşıdığını diqqətə çatdırıb.

Komitə sədri ticarətin asanlaşdırılması məsələlərinin həlli zamanı gömrük nəzarətinin effektivliyinin artırılması, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi və təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, ticarətin asanlaşdırılması sərhədkeçmə proseslərinin sürətləndirilməsindən, prosedurların sadələşdirilməsindən, sərhəddə fəaliyyət göstərən qurumlar arasındakı əməkdaşlığın gücləndirilməsindən və Səlahyyətli İqtisadi Operator (SİO) institutlarının səmərəli fəaliyyətindən çox asılıdır.

Azərbaycan Gömrük Xidmətinin bu sahədə atdığı addımlar barədə də danışan Komitə sədri bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ islahatlar nəticəsində dünya gömrük ailəsinin etibarlı tərəfdaşına çevrilən gömrük orqanları hər zaman müasir tətbiqlərin və layihələrin reallaşdırılmasına xüsusi önəm verir.

Sonra Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tranzitin gücləndirilməsi, logistik imkanların inkişaf etdirilməsi, yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, müasir qanunvericilik bazasının hazırlanması və gömrük sistemində ticarətin asanlaşdırılmasına xidmət edən layihələrin həyata keçirilməsindən bəhs edib və görülən işlərin ticarətin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Qeyd olunub ki, görülən işlər bütün sahələrdə olduğu kimi, gömrük sistemində də vətəndaş-məmur təmasının minimuma endirilməsinə, şəffaflığın təmin olunmasına, biznes mühitinin dinamik inkişafına, könüllü riayət mədəniyyətinin formalaşmasına münbit zəmin yaradıb. Komitə sədri bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, sistemin ticarətin asanlaşdırılması, gömrük işinin səmərəli təşkili sahəsindəki faydaları barədə də danışıb, seminarın asan və sürətli ticarətin təmin olunması işinnə töhfə verəcəyinə əminliyini ifadə edib.
ÜGT-nin Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasının Prezidenti və Baş naziri ilə görüşlərinə toxunaraq ölkədə gömrüyün modernləşdirilməsi istiqamətində ortaya qoyulan siyasi iradənin təqdirəlayiq olduğunu vurğulayıb.