Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tvitter kanalında paylaşılan mesajlarda bildirilir.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması ikili standartlar və böyük ədalətsizlikdir.
İlham Əliyev bir neçə gün əvvəl Almaniya Parlamentində 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması ilə bağlı qəbul edilən qətnaməyə də münasibət bildirib.
"Azərbaycan Almaniya Parlamenti tərəfindən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş ədalətsiz, qərəzli və tarixi təhrif edən qətnaməni pisləyir və qınayır", - Prezidentin rəsmi Twitter kanalında paylaşılıb.
Dövlət başçısı Azərbaycan və Türkiyə arasında bir sıra layihələrin birgə həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalara da münasibət bildirib.
"Azərbaycanla Türkiyənin birgə icra etdiyi layihələr həm ölkələri gücləndirir, həm də bölgənin daha da etibarlı və əməkdaşlığa hazır olmasını təsdiqləyir. Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir. Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir", - mesajda bildirilir. (Ans)