Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir.
Unikal.org xəbər verir ki, bu məqsədlə Bankın Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib. Filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir.
Mərkəz filialının Fərdi Bankçılıq bölməsi xüsusi dizayn əsasında hazırlanaraq müştərilərə ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi, xaricdə olan istənilən məhsulun alınması, sənədləşdirilməsi və ünvana çatdırılması və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.