Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarır.

Unikal.org xəbər verir ki, dəyişiklik əmək pensiyalasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Qanun layihəsi parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.