2018-ci ildə 509,1 ton (632 min ABŞ dolları) süd, 738,9 ton (1,7 milyon ABŞ dolları) ayran və yoqurt, 233,7 ton (1 milyon ABŞ dolları) kərə yağı, 608,6 ton (2,7 milyon ABŞ dolları) pendir və kəsmik, 44 milyon ədəd (2,5 milyon ABŞ dolları) quş yumurtası ixrac edilib. Süd əsasən Gürcüstana, ayran və yoqurt Əfqanıstan və Qətərə, kərə yağı və pendir Rusiyaya, yumurta isə İrana göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin İqtisadi Təhlil və Proqnozlaşdırma Departamentinin baş mütəxəssisi Pərviz Əliyev məlumat verib.
“Ət və süd ixracı isə hazırda aşağı səviyyədədir. Belə ki, 2018-ci ildə İrana və Birləşmiş Ərəb Əmirliklərinə 170,7 ton (1,1 milyon ABŞ dolları dəyərində) qoyun əti ixrac edilib”, - deyə Pərviz Əliyev bildirib.
Onun sözlərinə görə, heyvandarlığın intensiv inkişafı və idxaldan asılılığın azaldılması ilə bağlı Dövlət Proqramı hazırlanıb, rəy və təkliflərin verilməsi üçün dövlət qurumlarına göndərilib. Dövlət Proqramı təsdiqləndikdən və onun icrası təmin olunduqdan sonra ölkədə iribuynuzlu və xırdabuynuzlu heyvan əti istehsalının artacağı proqnozlaşdırılır. Bu da özünütəminatın və ixracın artmasına səbəb olacaq.
Qeyd edək ki, ötən il ölkə üzrə heyvandarlıq məhsulları istehsalının ümumi dəyəri 3 milyard 824 milyon manata bərabər olub. 2018-ci ildə Azərbaycanda diri çəkidə ət istehsalı 556,6 min ton, süd 2,08 milyon ton, yumurta 1,67 milyard ədəd, fiziki çəkidə yun istehsalı isə 15,8 min ton təşkil edib.