Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında” qərar imzalayıb.

Unikal.org xəbər verir ki, qərara əsasən, 2023-cü ilin əvvəlinədək ölkənin bütün vergi ödəyiciləri olan obyektlərində real vaxt rejimində fəaliyyət göstərən kassa aparatları quraşdırılmalıdır.

Bu sırada Azərbaycanda fəaliyyət göstərən şadlıq evləri, avtomobil satışı ilə məşğul olan obyektlər və mebel salonları da var.

Qərarda ayrı-ayrı təsərrüfat subyektlərində onlayn kassaların quraşdırılması ilə bağlı konkret müddətlər və qrafik göstərilib.

Qrafikə əsasən, Bakıda fəaliyyət göstərən şadlıq evlərində belə kassalar iyulun 1-dək quraşdırılmalıdır. Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən şadlıq evlərində isə onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.

Bakıda fəaliyyət göstərən avtosalonlarda belə kassalar iyulun 1-dək quraşdırılmalıdır. Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən avtosalonlarda isə onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.

Mebel salonlarına isə kassaların quraşdırılması üçün bir qədər artıq vaxt verilib. Belə ki, həm Bakıda, həm də Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən mebel salonlarında onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.

Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.