Ekologiya və Təbii Sərvətlər Nazirliyində beynəlxalq ekspertlərlə birgə Azərbaycanın yeni Milli Meşə Proqramının ilkin layihəsinin müzakirəsi aparılıb.
Unikal.org xəbər verir ki, dialoq şəraitində keçirilən müzakirələrdə layihənin prioritet istiqamətləri və fəaliyyət planı ətrafında fikir mübadiləsi olub.
Azərbaycanda yeni Milli Meşə Proqramının hazırlanmasının məqsədi meşələrin səmərəli idarə edilməsi sahəsində siyasi institusional və qanunvericilik üzrə təkmilləşdirmə işlərinin aparılmasına, mövcud beynəlxalq təcrübənin öyrənilməsi ilə meşə sisteminə müasir yanaşma prinsiplərinin təhlilinə yönəlib.
Qeyd olunub ki, 2020-2030-cu illəri əhatə edəcək Proqramın Azərbaycan meşələrinin davamlı idarə edilərək dayanıqlı inkişafına nail olunmasında, aydın və mütərəqqi idarəçilik planının hazırlanmasında böyük rolu olacaq.
FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak da keçirilən tədbirlə bağlı fikirlərini açıqlayıb.
Qeyd edək ki, tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) nümayəndələri, Türkiyənin beynəlxalq ekspertləri, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və İDEA İctimai Birliyinin nümayəndələri iştirak edib.