Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya elektron ərizə qəbulunun vaxtını uzadıb.
DİM-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sənəd qəbulu fevral 28-i saat 23:59-dək davam edəcək.
Bildirilib ki, indiyədək 853 namizəd (Azərbaycan bölməsi - 739; rus bölməsi - 114) elektron ərizəsini təsdiq edib. 41 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib. Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 28 fevral saat 23.59-dək ərizələrini təsdiq edə bilərlər.
Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=eg... ) daxil olub. “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.