Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. 

Unikal.org xəbər verir ki, iclasda Azərbaycan nümayəndələri də çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışı zamanı bildirib ki, İnsan Hüquqları və Terrorizmlə Mübarizə Təlimatlarına əsasən, "Dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər". Onun sözlərinə görə, çox vaxt terror aktlarını törədən və ya planlaşdıranlar da atdıqları addımlarla insanların hüquq və azadlıqlarına müdaxilə etmiş olurlar.

Deputat qeyd edib ki, xarici müdaxilələr, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox məcburi köçkünün həyatında bu, müşahidə edilir. T.Mirkişili nəzərər çatdırıb ki, məhdudiyyətlərin tətbiq olunmasında milli və ictimai təhlükəsizlik arasındakı balans saxlanılmalıdır. Ümumi olaraq, milli və ictimai təhlükələrin aradan qaldırılması məhdudiyyətlərin tətbiqinə şərait yaratmaz.

T.Mirkişili hesab edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı icması konstruktiv mövqe nümayiş etdirərək erməni icması ilə danışıqların aparılmasına hazırdır, onların hər belə cəhdinə erməni icması tərəfdən imtina olunur: "Bu, kimin daha konstruktiv olmasını göstərir. Dağlıq Qarabağ regionuna səfər qanuni yol ilə hər kəs üçün sərbəstdir. Bunun üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət olunmalı və ASAN visa alınmalıdır. Qeyri-qaunini səfərlər isə bütün ölkələrdə olduğu kimi bizdə də qanunla cinayət tərkibi yaradır".

Orxan Həsənli