Azərbaycan Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Unikal.org xəbər verir ki, Ə.Əhmədov MDİ-nin prezidentinin Azərbaycana səfərinin və aparılan müzakirələrin tərəflər arasında əməkdaşlıq və dialoqun inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana Bakıda olduğu müddətdə iştirak etdiyi müzakirələrin, eləcə də məcburi köçkünlərlə görüşünün onda müsbət təəssürat yaratdığını qeyd edib. 

Andres Pastrana Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial təyinatlı layihələrin nümunəvi olduğunu bildirib.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın mövcud durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.