Problemli kreditlərə kompensasiya və güzəştlərin tətbiqi ilə bağlı suallara iqtisadçı ekspert Vüqar Bayramov cavab verib. 

Unikal.org ekspertin cavablarını təqdim edir:

1. Kompensasiya kredit xəttinə yoxsa əsas kredit borclarının qalıq məbləğinə əsasən hesablanacaq? Fərman kredit xətti 10 min dollardan çox olan kreditlər üçün bir sıra hallarda kompensasiya əldə etmək imkanı yaradır. Sənədə əsasən, kompensasiya məbləği hesablanan zaman kredit xətti deyil, əsas məbləğ üzrə kredit qalığı əsas götürüləcək. Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb və 2015-ci il fevralın 21-dək əsas məbləğin 2 min dollarını ödəyib. Yəni, onun birinci devalvasiya baş verən zaman əsas məbləğ üzrə borc 10 min dollar olub. Birinci devalvasiya baş verən zaman onun 12 min dollarlıq kredit xətti üzrə əsas qalıq məbləği 10 min dollaradək azaldığı üçün o kompensasiya ala biləcək. Bu isə o deməkdir ki, vətəndaşımızın 10 min dollardan artıq kredit götürməsinə baxmayaraq devalvasiya zamanı əsas məbləğ 10 min dollaradək azaldığı üçün onun kreditinə kompensasiya hesablanacaq.

2. 10 min dollardan artıq kredit xətttinin birinci deyil, ikinci devalvasiya zamanı əsas məbləğ üzrə qalığı 10 min dollaradək azalıbsa həmin kreditə kompensasiya ödəniləcəkmi? Məsələn, vətəndaşımız 2014-cü ildə 12 min dollar kredit götürüb. Onun krediti üzrə əsas məbləği 2015-ci ilin fevralın 21-dək, yəni birinci devalvasiya baş verənədək, 11 min dollaradək azalıb (yəni 10 min dollardan çox olub), həmin ilin dekabrın 21-dək, yəni ikinci devalvasiya baş verənədək, 10 min dollaradək azalıb. Bu halda həmin kreditə də kompensasiya hesablanacaq və ikinci devalvasiyadək əsas məbləğ üzrə qalıq borc 10 min dollar olduğu üçün ödəniş ediləcək.

3. Devalvasiyalardan sonra manata çevrilmiş kredit borcları kompensasiya alacaqmı? Məsələn, vətəndaşımız 2015-ci ilin yanvarında 9 min dollar kredit götürüb və iki devalvasiyadan sonra, 2016-cı ildə bankla razılaşaraq onu 1.6 kursu ilə manata çevirib və milli valyuta ilə ödənişlər edib. Belə kreditlər də dollar krediti kimi kompensasiya alacaqlar. Həmin kreditlər üzrə əsas məbləğin milli valyutaya çevrilməsinə və ödənişlərin manatla olmasına baxmayaraq o borc dollarda olan borc kimi qəbul olunur və devalvasiya nəticəsində yaranan fərq sənəddə öz əksini tapan mexanizmə uyğun olaraq tam ödənilir. Yəni, tam kompensasiya ödəniləcək.

4. Rəsmi olaraq kreditlər üzrə ödəniləcək kompensasiya məbləğini hər bir vətəndaş özü necə hesablaya bilər? Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatorun hazırlammasını həyata keçirir. Güman olunur ki, həmin kalkulyator gələn həftə palatanın internet səhifəsində yerləşdiriləcək. Hər bir vətəndaş kalkulyatora kredit ilə bağlı məlumatları daxil etməklə ala biləcəyi kompensasiyanın məbləğini özü elektron hesablaya biləcək.

5. Kompensasiyanı almaq üçün banka müraciət etmək lazımdırmı? Siyahılar dəqiqləşdirildikdən sonra banklar vətəndaşlar ilə əlaqə saxlayıb onlara kompensasiya ödənişi həyata keçirəcəklər. Kompensasiyalar ödənilən zaman sizinlə əlaqə saxlanılmasa o zaman banka müraciət edin. Nəzərə almaq lazımdır ki, bütün kompensasiyalar bu il mayın 28-dək tam ödənilməlidir. Eyni zamanda, xüsusi suallarınız olduğu halda Maliyyə Bazarlarına Nəzarət Palatasının 966 Çağrı Mərkəzi ilə əlaqə saxlmağı da unutmayın.