"Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək".
Unikal.org xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, bundan sonra 1 ay müddətində (aprelin 15-nə qədər) isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq.
“Onlara ödəniləcək kompensasiyaının məbləği də tam müəyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində açıqlanacaq. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin Fin kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək. Vətəndaşlara bildirmək istəyirik ki, tələsməsinlər, hər kəs 1 dəfə banka dəvət olunacaq. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır. Bu fərmanın verilməsi o demək deyil ki, ödənişi dayandırılmalıdır”, - Vüsal Qasımlı qeyd edib.