Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olublar.

Unikal.org xəbər verir ki, bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var.

Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.

Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.

***12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonuna səfərə gəliblər.

Unikal.org xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

***11:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Unikal.org  xəbər verir ki, dövlət başçısı yeni binanın təməlini qoyub.

Sonra inşaatçılarla xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət edilbər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Unikal.org xəbər verir ki, dövlət başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.