Nazirlər Kabineti mənzil-tikinti kooperativlərinin (MTK) tikdiyi, lakin yüksək qiymət qoyulduğuna görə satılmayan mənzillərin qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi barədə təklifə münasibət bildirib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, qurum istifadə edilib-edilməməsindən asılı olmayaraq, fiziki şəxslərin mülkiyyətində olan hər bir mənzil sahəsinin əmlak vergisinə cəlb edildiyini bildirib:

“Hüquqi şəxslərin balansında olan bütün əsas vəsaitlərin dəyəri əmlak vergisinin vergitutma obyektini təşkil edir. Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı mənzillərin istifadəsiz olub-olmaması daşınmaz əmlakın dövlət reyestrində toplanılan məlumatlar sırasına daxil deyil. Sözügedən məsələ bazar iqtisadiyyatı prinsiplərinə uyğun qaydada, tərəflərin razılaşması əsasında həll edilə bilər”.

Qeyd edək ki, Nazirlər Kabinetinə MTK-lar tərəfindən tikilmiş və satılmayaraq boş qalmış mənzillərin əmlak vergisinə cəlb edilməsi və digər tədbirlərin görülməsi təklif edilir. Hesab edilir ki, bu tədbirlər sayəsində həmin mənzillərin qiymətləri aşağı enər və onlar daha ucuz qiymətə satılar.