Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 mart tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirildi.
Unikal.org xəbər verir ki, budəfəki hərracda 7 dövlət əmlakına ümumilikdə 16 sifariş verilmişdir. Bu dəfə vətəndaşlar tərəfindən səhmdar cəmiyyətinin səhm paketi, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri özəlləşdirildi. Belə ki, investorlardan biri Lənkəran şəhəri, T.İsmayılov küçəsindəki “Lənkəran mebel” adlı səhmdar cəmiyyətinin 30%-lik səhm paketi üzrə hərracda iştirak etdi. Sənaye sahəsinə aid dövlət əmlakının özəlləşdirilən səhmlərinin ümumi sayı 50 minə yaxındır. Mebel məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan müəssisənin ərazisində inzibati bina, istehsalat sexi, yeməkxana ilə yanaşı, digər bina və qurğular yerləşir.
Özəlləşdirilən kiçik dövlət müəssisəsi paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşir. Əvvəllər ictimai iaşə xidməti üzrə fəaliyyət göstərmiş obyektin ümumi faydalı sahəsi 87.9 kv.m-dir. Dövlət əmlakı 225.8 kv.m-lik torpaq ərazisi ilə birgə iştirakçı tərəfindən 7 min 500 manata özəlləşdirildi. Az büdcə ilə xidmət obyektinə sahib olmaq imkanı yaradan qeyri-yaşayış sahəsi paytaxt ərazisində yerləşir. Suraxanı rayonu, Hövsan qəsəbəsindəki bu obyektin ümumi faydalı sahəsi 29.9 kv.m-dir. Hərrac iştirakçısı bu dövlət əmlakını 3 min manata özəlləşdirdi.
İştirakçılar arasında nəqliyyat vasitələrinə sahib olmaq arzusu bu növ dövlət əmlaklarının hərracını rəqabətli etdi. Belə ki, buraxılış ili 2007 olan Cherry Easter markalı nəqliyyat vasitəsinin ilkin hərrac qiyməti 1440 manat təyin edilib. Hərracda 4 iştirakçı arasında yaranan rəqabət nəticəsində avtomobilin satış qiyməti 2 dəfədən çox yüksəldi və qalib iştirakçı onu 3 min 300 manata özəlləşdirdi. Toyota Camry markalı avtomobilin isə ilkin hərrac qiyməti 10 min manat, buraxılış tarixi isə 2009-cu ildir. 5 sifarişçinin mübarizəsi ilə keçən hərracda qalib iştirakçı 14 min 600 manat təklif edərək avtomobili özəlləşdirdi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda sadə və müasir üsullar vətəndaşların prosesdə rahat iştirakına şərait yaradır. Dövlət əmlaklarının özəlləşmədən sonra uğurlu fəaliyyəti özəl sektorun inkişafını təmin etməklə bərabər, digər investorların da prosesdə iştirak marağını artırır. Komitə tərəfindən növbəti hərrac 19 mart tarixində keçiriləcək. İştirak etmək istəyən şəxslər ümumilikdə 99 dövlət əmlakı üzrə seçim edə bilər. Dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir. Qeyd edək ki, hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.