Unikal.org Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin APA-ya müsahibəsin oxuculara təqdim edir
- İranla Ermənistan arasında viza rejiminin ləğvini və İran prezidenti Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfərini necə qiymətləndirirsiniz?
- Dünyada müsəlman təəssübkeşliyi yoxdur. Ayrı-ayrı dövlətlər zaman-zaman dindən siyasi məqsədlər üçün istifadə ediblər. Baxmayaraq ki, peyğəmbərimiz də buyurub, "Quran"da da yazılıb ki, müsəlman müsəlmana qardaşdır. Amma İran 1 milyon müsəlmanı didərgin salmış, məscidləri donuzxanaya çevirmiş bir dövlətə sanksiya tətbiq etmək əvəzinə, hələ onunla viza rejimini aradan qaldırır, Ermənistanla siyasi, ticari, hərbi əlaqələr qurur. Bu da onu göstərir ki, onların müsəlman təəssübkeşliyi sırf siyasi məqsədlər naminə dindən istifadədir. Onlar Allah da tanımırlar. Bir insan digərinin haqqını tapdayırsa, hüququnu pozursa, haqqı tapdanan, hüququ pozulan insan müdafiə olunmalıdır. Müsəlmançılığı, şiəliyi bir qırağa qoyuram, əgər bunlar qonşuluğunda başqasının haqqını tapdayanla bu cür isti münasibət qururlarsa, deməli, nə Allahları var, nə də müsəlmandırlar.
- Bunun əsas səbəbi nədir?
- Qorxurlar ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə, hüquq və qanunun aliliyinə əsaslanan dünyəvi bir dövlət modeli qursa, bu, Cənubi Azərbaycandakı 30 milyon azərbaycanlı üçün nümunə olar. Onlarınkı odur ki, cəhalət olsun, öz xalqlarını çapıb-talasınlar, qadınlara çarşaba bürüsünlər. Ona görə də sözdə bizi müdafiə edirlər, guya Qarabağ məsələsində bizimlə bir yerdə olduqlarını deyirlər. Amma molla rejimi ilə ATƏT-in Minsk Qrupunun mövqeyi nədə fərqlənir? Mən həmişə demişəm ki, əgər Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadırsa, siyasi baxımdan erməni diasporunun güclü olduğu Fransa və ABŞ-dırsa, Ermənistanı iqtisadi baxımdan ayaq üstdə saxlayan Ermənistanla qonşu olan müsəlman dövlətləridir. Onların biri din, biri də can qardaşımızdır. Molla rejiminin bu cür siyasi riyakarlığına görə, yəni Allah qarşısında müsəlman deyib, müsəlmana zülm edən bir dövlətə dəstək verdiklərinə görə Allah-təala bu insanları cəzalandıracaq, bunu zaman göstərəcək. Allah qarşısında insanlara zülm edən bir dövlətə dəstək verməkdən böyük günah ola bilməz.
- Deməli, İrandan gələcəkdə də Dağlıq Qarabağ probleminə münasibətdə Qüds məsələsində sərgilədiyi mövqeni gözləyə bilmərik.
- Qüds məsələsi onlara siyasi məqsəd üçün lazımdır. Yoxsa din hara, Allah hara, onlar hara? 1 milyon insanı evindən qovan dövlətlə dostluq etməyin Allahla, dinlə əlaqəsi yoxdur. Bir müddət əvvəl İranın bir-iki mollası çıxdı ki, siz müharibəyə başlayın, biz sizə kömək edəcəyik. Dedim ki, bizim əvəzimizə vuruşmağa ehtiyac yoxdur, sadəcə, özünüzün dini liderinizə müraciət edin ki, niyə müsəlmanları ev-eşiyindən didərgin salan bir ölkə ilə belə öpüşüb, qardaşlıq edirsən?! Dedim, bir bu sualı verin, elə bilin ki, gəlib bizim əvəzimizə vuruşmusunuz. Yoxsa, elə onlara da bölgədə müharibənin alovlanması lazımdır ki, altdan-altdan Ermənistana dəstək versinlər. Aprel hadisələri də göstərdi ki, molla rejimi düzələn deyil. Bəlkə gələcəkdə İranda hüquqi, demokratik dövlət qurula, oradakı azərbaycanlılar öz haqlarını qoruya, tanıyalar, o halda başqa məsələ olacaq. İndiki halda isə onlar düzəlməyəcəklər.
- Azərbaycan hökumətinin İran və Ermənistan arasındakı son yaxınlaşmaya münasibəti necə olmalıdır?
- Azərbaycan bu məsələdə kəskin şəkildə mövqeyini ortaya qoymalı, İranın atdığı addımları pisləməlidir. Bəyan etməlidir ki, bu, beynəlxalq hüquqa hörmət deyil. Necə ola bilər ki, başqa dövlətin ərazisini işğal edən dövlətə sanksiya tətbiq etmək əvəzinə, viza rejimini aradan qaldırasan. İran bu addımı ilə Ermənistanı şirnikləndirir ki, Azərbaycanın torpaqlarını işğal etməklə düz edib.
- Yeri gəlmişkən, son vaxtlar Azərbaycan-İran münasibətlərində istiləşmə müşahidə olunur, Şimal-Cənub dəhlizi ilə bağlı birgə işlər görülür. Məhz belə bir məqamda İranın Ermənistanla viza rejimini ləğv etməsi, münasibətləri daha da yaxınlaşdırması nə ilə əlaqədardır?
- Çünki düşmən ölkədir, belə də olmalı idi. İranın bölgədə yürütdüyü siyasət Azərbaycana münasibətdə düşmənçilik siyasətidir. Bunu bizim hamımızın bilməyimiz lazımdır. Nə qədər ki, İranda molla rejimi var, bu münasibətlər çətin ki, düzəlsin. Çünki İrandakı molla rejimi dünyəvi dövlətçiliyi öz varlığına təhlükə kimi görür. Onlar üçün önəmli olan molla rejimini qoruyub, saxlamaqdır. Onları İranda yaşayan xalqların maraqları, hüquq, ədalət düşündürmür. İstədikləri odur ki, hakimiyyətdə qalsınlar. Hakimiyyətdə qalmaq üçün də molla rejimini qorumağa çalışırlar. Yanlış olaraq düşünürlər ki, guya Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, müsəlmanların öz yurd-yuvalarına qayıtması molla rejiminin varlığına təhlükədir. Ona görə də Ermənistanla əlbir olublar. Həm də farslar bölgədə rusların əlaltısı olublar. O da istisna deyil ki, ruslar İrandan Ermənistanla viza rejiminin ləğvini tələb ediblər.