Azərbaycanda ilk dəfə olaraq 11 – 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı ilə birgə VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçirilir.
Unikal.org xəbər verir ki, forum “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunub.
Regional İnternet İdarəçilik Forumunun açılışından əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və BMTİP-nin Avropa və MDB üzrə regional bürosunun direktoru Miryana Spolyariç Eqqer, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin kibertəhlükəsizlik sahəsində həllər təklif edən yerli, eləcə də, beynəlxalq şirkətlərin məhsul və xidmətlərinin nümayiş olunduğu “Cyber Village” sərgisinə baxış keçiriblər.
Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır.
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edirlər.
Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.
Forumda çıxışı zamanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, 20 ilə yaxındır ki, Azərbaycan Hökuməti BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq edir. Qurum informasiya-kommunikasiya texnologiyaları sahəsində bir çox layihələrə dəstək verir.
“Ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” məhz BMT-nin İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində hazırlanıb. Həmçinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan “AzDatacom” şəbəkəsi, regionda ilk TİER-3 səviyyəli Data Mərkəzin qurulması birgə fəaliyyətin nəticəsidir. Bu layihələr ölkəmizdə dayanıqlı inkişafa böyük töhfə verib. Bu gün də BMT İnkişaf Proqramı ilə əməkdaşlığımız davam edir. Birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Bilik İqtisadiyyatı – Azərbaycanın İnnovasiya Yol Xəritəsi” bizim üçün çox önəmlidir. Bu layihə çərçivəsində keçirilən “İdeyadan Biznesə” startap turları və məktəblərdə Robotexnika laboratoriyalarının qurulması üzrə tərəfdaşlığımızdan məmnunuq”.
Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əməkdaşlığına da toxunan nazir ötən il təşkilatın səlahiyyətli konfransında keçirilmiş seçkilərdə ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına yenidən, Radiotənzimləmə Bürosuna isə ilk dəfə üzv seçildiyini xatırladıb.
“Keçən il Beynəlxalq Telekommunikasiya İttifaqının regional ofisinin dəstəyi ilə regionda ilk dəfə “Kibertəhlükəsizlik təlimləri” keçirilib, 14 ölkə nümayəndəsi iştirak edib. Hər iki təşkilatın fəaliyyəti bu gün keçirilən forumun mövzusu ilə bilavasitə bağlıdır. 2006-cı ildən keçirilən Qlobal İnternet İdarəçilik Forumları məhz Beynəlxalq Telekommunikasiya İttifaqının təşəbbüsüdür”.
Nazir forumun “Kibertəhlükəsizlik həftəsi”nin əsas tədbiri seçilməsinin təsadüfi olmadığını qeyd edib. O bildirib ki, müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir.
“Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradıb. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb.
Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır”.
R.Quluzadə ölkəmizdə texnoloji inkişafla yanaşı, kibertəhlükəsizlik məsələlərinin də diqqət mərkəzində olduğunu vurğulayıb. O bildirib ki, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik strategiyası (2019-2024)” hazırlanıb və təsdiq olunma mərhələsindədir.
Nazir İnternet İdarəçilik Forumunun öz ətrafında bütün maraqlı tərəfləri birləşdirməklə milli, regional və qlobal səviyyədə mövcud olan məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.
Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin Köməkçisi, BMT-nin İnkişaf Proqramının Rəhbərinin Müavini və BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru Miryana Spolyariç Eqqer qeyd edib ki, bu forum internetin gələcəyi ilə bağlı əhəmiyyətli müzakirələrə yol açır. “ Eyni zamanda, forum heç kim kənarda qalmasın prinsipinə uyğun olaraq sadə insanların həyatını yaxşıya doğru dəyişmək, yeni nəsil idarəetmə üsullarını inkişaf etdirmək, eləcə də, internet texnologiyalarının potensialını daha yaxından araşdırmaq üçün yeni imkanlar irəli sürür, daha əhatəli və hər kəs üçün əlçatan olan idarəetmə platformalarını yaradır.”
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin çıxış edib.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin də çıxışında forumun əhəmiyyətinə toxunub. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə bütün sahələrdə səmərəli əməkdaşlıq etdiyini vurğulayan bölmə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən informasiyya-kommunikasiya texnologiyaları, innovasiyalar sahəsinə böyük diqqət və dəstək göstərildiyini vurğulayıb.
İnternet İdarəçilik Forumunun Cenevrə Katibliyinin proqram və texnologiya meneceri Chengetai Masango tədbir iştirakçılarına videomüraciət edib.
Daha sonra forum öz işini “Regionun kibertəhlükəsizlik məsələləri” “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə”, “Kibertəhlükəsizlikdə innovativ həllər” “Uşaqlar üçün təhlükəsiz internet” mövzularında sessiyalarla davam etdirib.