Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tərtər, Goranboy və Füzuli rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
Agentlikdən unikal.org-a verilən məlumata görə, iyunun 9-da 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 1 ferma, 4 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi və 3 ədəd 120 mm-lik minaatan mərmi) aşkar olunaraq götürülüb və gün ərzində 5 700 kv. m ərazi təmizlənib.
Tərtər rayonu
Cəmilli kəndi - 1 ferma ərazisində 1 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 900 kv. m ərazi yoxlanıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı)
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 3 000 kv. m ərazi yoxlanıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Füzuli rayonu
Horadiz şəhəri - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (120 mm-lik minaatan mərmi) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 800 kv. m ərazi yoxlanıb.
Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyunun 9-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 591 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.