12-15 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti “Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” layihəsi çərçivəsində tərəfdaş ölkə qismində çıxış edən Niderlandın Mərkəzi Statistika Bürosunda səfərdə olub.
Unikal.org xəbər verir ki, səfər müddətində qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsalçı qiymət indekslərinin hesablanması ilə bağlı Niderland təcrübəsi öyrənilib.
Niderlandlı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Toplanmış məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib, Büronun Haaqa və Heerlen şəhərlərində yerləşən ofisləri, çağrı və məlumatların yayım mərkəzi ilə yerində tanışlıq baş tutub.
Layihə çərçivəsində Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlıq perspektivləri, həmçinin layihənin müvafiq komponenti üzrə yeni ekspertlərin seçimi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda Azərbaycanda rəsmi statistikanın təşkili və son illər həyata keçirilmiş islahatlar haqqında məlumat verilib.