Son bir neçə gündə Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsinə zərər vurub.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatının mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, bəzi ərazilərdə havanın sərin keçməsi, yağıntının yağması və dolunun düşməsi kənd təsərrüfatı sahələrinə olduğu kimi, meyvə ağaclarına da ziyan vurub:
"Yağıntının həddindən çox olması bəzi meyvələrdə xəstəliklərin yaranmasına, əkin sahələrində isə ziyanvericilərin artmasına səbəb olub. Amma biz rayonlarda yerli idarələrlə daim əlaqə saxlayır, tez-tez monitorinqlər keçirir, yaranmış fəsadları aradan qaldırmaq üçün ciddi tədbirlər görürük".
Qurum rəsmisi deyir ki, hava dəyişikliyi ilə əlaqədar olaraq kənd təsərrüfatına dəyən ziyan lokal olduğundan, bu, meyvə-tərəvəzin qiymətlərinin artmasına səbəb olmayacaq.
"Bizim münbit torpaqlarımız imkan verir ki, biz ildə iki, hətta üç dəfə kartof yığa bilək. Odur ki, dolu bəzi rayonlarda, xüsusən, Tovuz və Gədəbəydə kartof sahəsinə ziyan vursa da, bu, o demək deyil ki, bu il kartof istehsalı az olacaq. Əksinə, qarşıdakı günlərdə hava əlverişli olarsa, bu il kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək olar", - deyə Murtuzəli Hacıyev əlavə etdi.
Məlum oldu ki, bu il ən çox ziyan dəyən rayonlar və kənd təsərrüfatı sahələri bunlardır:
Gədəbəy və Tovuzda - kartof sahələri
İmişlidə - pambıq
Şəkidə - taxılçılıq
Mətbuat katibi təsərrüfatına ziyan dəyənlərdən 1652 nömrəsinə zəng vurmasını və problemini deməsini də vurğulamağı unutmadı. O deyir ki, Nazirlik hər kəsin müraciətlərinə baxmağa hazırdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qeyri-sabit hava şəraiti hələ növbəti iki gün ərzində davam edəcək.
Rayonlarda fasilələrlə yağışlı hava müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı, dolunun düşməsinin müşahidə olunacağı ehtimalı var.
"Bu, hər il baş verəcək bir hava şəraitidir. Sadəcə bu il hava şəraitinin qeyri-sabit keçməsinin bir qədər uzunmüddətli olması, iqlim dəyişikliyi ilə əlaqədardır".
Son günlər ölkəmizdə hava tez-tez dəyişir. İyunun yay ayı olmasına baxmayaraq arabir yağış da yağır, dolu da düşür. Ötən gün İmişli, Şəki həmçinin Tovuzun Əlibəyli kəndinə dolu yağaraq bir sıra fəsadlar törədib. Bəzi kənd təsərrüfatı məhsullarına ziyan dəyib. Kənd sakinləri təxminən iyirmi dəqiqə müddətində rayonlarda buz parçalarının yağdığının şahidi olublar. Təbiət hadisəsi əsasən sakinlərin həyətyanı sahələrdə əkdiyi kartof, lobya və pomidora ziyan vurub. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də ziyan görüb.